Elmlə təhsilin inteqrasiyası çərçivəsində Hüseyn Cavid irsinin təbliği davam edir

05.03.2018

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində AMEA Hüseyn Cavidin Ev Muzeyi universitetlərlə, məktəblərlə, liseylərlə qarşılıqlı əlaqəni daha da möhkəmləndirir.
    Bu çərçivədə növbəti açıq dərs Bakı şəhər 6 nömrəli məktəb-liseyin 5-ci sinif şagirdləri üçün təşkil olunub. Şagirdlərə Muzeydə sərgilənən eksponatlarla bağlı, eləcə də Hüseyn Cavidin həyat və yaradıcılığı, o cümlədən Cavidlər ailəsi haqqında dolğun informasiya verildi. Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları haqqında da şagirdlərə ətraflı məlumat çatdırıldı.
    Dərs bitdikdən sonra şagirdlər Muzeyin zəngin eksponatları və geniş ekspozisiyası ilə yaxından tanış olublar. Ekspozisiya ilə yaxından tanış olan şagirdlər Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitablara da böyük maraq göstəriblər. Bu istiqamətdə onlara Muzeyin nəşrləri (“Cavidşünaslıq” araşdırmalar toplusu, “Cavid hikməti: seçmə aforizmlər”, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid”) haqqında da geniş məlumat verilib.
    Ekskursiyanın sonunda Muzeyi ziyarətdən son dərəcə məmnun qalan şagirdlər və onların Liseyin direktoru Yeganə Abdullayeva öz təəssüratlarını rəy kitabında qeyd etdilər və xatirə şəkli çəkdirdilər.



© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.