XX əsr bədii fikrimizin mərdlik və əyilməzlik simvoluna çevrilmiş böyük
mütəfəkkir Hüseyn Cavidin nəsillərə örnək olacaq zəngin və bənzərsiz
yaradıcılıq irsi zaman keçdikcə daha çox aktuallıq kəsb edir.
Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini
yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil etməkdən ibarət olubdur.
O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur. Hüseyn
Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün,
gələcək nəsillər üçün dərslik kitabıdır.
Kompleks Ümummili lider Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilmişdir.
Hüseyin Cavidin həyat yoldaşı Mişkinaz xanımın və oğlu Ərtoğrulun qəbirləri də
məqbərənin sərdabəsindədir. Hər iki məzar sərdabə inşa edilərkən – 1996-cı ildə
buraya köçürülmüşdür. Abidənin açılışı Hüseyn Cavidin anadan olmasının 114 illiyi
münasibəti ilə 1996-cı il 29 oktyabrda olmuşdur. Ulu öndər H.Ə.Əliyev şəxsən
məqbərənin açılışında iştirak etmiş və nitq söyləmişdir. Naxçıvan-Marağa memarlıq üslubu
təsirinin aydın hiss edildiyi məqbərə üst və aşağı – sərdabə hissələrindən ibarətdir.
Məqbərənin daxilində Hüseyn Cavidin büstü qoyulmuşdur. Abidənin layihəsinin müəllifi
Azərbaycan respublikasının
əməkdar memarı Rasim Əliyev, heykəltəraşı isə
xalq rəssamı Ömər Eldarovdur.