Ərtoğrol Cavidin musiqişünaslıq fəaliyyəti ilə bağlı beynəlxalq konfransda elmi məruzə dinlənilmişdir

02.05.2016

    Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Birinci Türkoloji Qurultayın 90 illik yubileyi münasibətilə təşkil etdiyi “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XV Beynəlxalq elmi-praktiki konfransda AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı “Ərtoğrol Cavid Azərbaycanın ənənəvi musiqi sənətinin sinkretik təfəkkürlü araşdırıcısı kimi” adlı elmi məruzə ilə çıxış etmişdir. G.Babaxanlı məruzəsində dramaturgiyamızı öz yaradıcılığı ilə zənginləşdirmiş böyük mütəfəkkir və filosif-şair Hüseyn Cavidin tək oğlu, istedadlı musiqişünas və tədqiqatçı Ərtoğrol Cavidin yaradıcılığını özündə əks etdirən materiallar əsasında nəşr olunmuş 13 cildlik “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” kitabı əsasında Azərbaycan aşıq sənətinin və musiqi mədəniyyətinin təbliğində və öyrənilməsində Ə.Cavidin zəngin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

Natiq Mürsəlov
Məsul şəxs