“Hüseyn Cavid irsinin təbliğində gənc muzeyşünasların rolu” mövzusunda dəyirmi masa keçirilmişdir
02 fevral 2016-cı ildə “Gənclər günü” münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyində “Hüseyn Cavid irsinin təbliğində gənc muzeyşünasların rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir zamanı muzeyin şöbə müdürü Cəmilə Rzayeva bildirmişdir ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət ölkə prezidenti, cənab İlham Əliyev tərəfindən daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində, o cümlədən də Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. C. Rzayeva diqqətə çatdırmışdır ki, hazırda dahi dramaturq, filosof şair Hüseyn Cavidin zəngin irsinin gənclər arasında təbliği muzeyin əsas fəaliyyət istiqamətlərindən biridir. O, bu sahədə gənc muzeyşünasların üzərinə düşən vəzifə və öhdəliklərdən bəhs edərək bildirmişdir ki, muzeyin gənc əməkdaşları fəal şəkildə yerlərdə gənclərlə iş aparmalı və onların muzeyimizə gəlmələri üçün fəal çalışmalıdırlar. Sonra çıxış edən muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, AMEA-nın doktorantı Natiq Mürsəlov böyük mütəfəkkir Hüseyn Cavid və cavidlər irsinin təbliğində muzeyin gənc əməkdaşları üçün muzeyin direktoru, görkəmli cavidşünas alim, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı tərəfindən hərtərəfli şərait yaradılmışdır. Bu dəstək böyük şairin zəngin yaradıcılığının respublikamızda layiqincə təbliği istiqamətində muzeyin gənc əməkdaşlarında böyük stimul yaradır və onların bu istiqamətdə fəaliyyətlərinə müsbət təsirini göstərir. Sonda muzeyin gənc mütəxəssisi və şura üzvü Elnarə Fərzəliyeva vurğulamışdır ki, muzeyə hər il gələn tamaşaçıların böyük əksəriyyətini məhz gənclər təşkil edir. Təkcə 2015-ci ildə muzeyi yerli və əcnəbi 1035 gənc ziyarət etmişdir. O, bu göstəricinin çox sevindirici bir hal olduğunu bildirmişdir.