Elmin İnkişafı Fondu və Niderlandın “Elsevier” nəşriyyatı filoloq-alim
G.Babaxanlının baş redaktoru olduğu elmi jurnalı mükafatlandırdı

29.01.2016

    Yanvarın 25-də dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Elsevier” əməkdaşlıq etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə birlikdə ilk dəfə olaraq “SCOPUS Mükafatları”nı təqdim etmək məqsədilə tədbir və qala gecə keçirib. AMEA Hüseyn Cavidin ev muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının baş redaktorluğu ilə nəşr olunan “Beynəlxalq dil və ədəbiyyat” jurnalı Azərbaycandan Elsevier nəşriyyatının SCOPUS bazasına daxil edilmiş 5 nüfuzlu jurnaldan biri kimi sosial elmlər sahəsində qalib olub və mükafata layiq görülüb.
    “SCOPUS Mükafatı Azərbaycan-2016” “Elsevier”in qlobal təşəbbüslərindən biridir və ölkədə bütün elm sahələri üzrə araşdırmaları daha da təkmilləşdirmək, elmi tədqiqatçıların və təşkilatların səylərini dəstəkləmək üçün təşkil edilib. “SCOPUS Mükafatı Azərbaycan-2016” iki istiqamət - araşdırmalar və elmi jurnal üzrə yüksək nailiyyətlər mükafatları olmaqla bir neçə nominasiya üzrə təqdim olunub.
    Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış 4 elmi-tədqiqat qurumuna, həmçinin 5 elmi jurnala beynəlxalq qiymətləndirmə meyarlarına, eləcə də “SCOPUS” və “SciVal” bazaları əsasında seçimin nəticələrinə əsasən xüsusi mükafatlar təqdim olunub. Bu mükafatlara AMEA-nın Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti layiq görülüb. Elmi jurnallardan isə “Applied and Computational Mathematics” (2012-2014-cü illər üçün SNIP orta qiyməti 1,041) fizika-riyaziyyat elmləri sahəsində, “Azerbaijan Journal of Mathematics” (2012-2014-cü illər üçün SNIP orta qiyməti 1,024) fizika-riyaziyyat elmləri sahəsində ciddi inkişaf etməkdə olan jurnal nominasiyasında, “Journal of Language and Literature” (2012-2014-cü illər üçün SNIP orta qiyməti 0,79) sosial elmlər sahəsində, “SOCAR Proceedings” Korporativ Elmi Jurnal Yüksək Müvəffəqiyyət Mükafatı nominasiyasında, “Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal” (2012-2014-cü illər üçün SNIP orta qiyməti 0,122) tibb elmləri sahəsində ciddi inkişaf etməkdə olan jurnal nominasiyasında qalib elan olunublar.