Böyük Vətən müharibəsi Rasizadələr ailəsindən də yan keçməmişdir

04.05.2015

    Bu il 1945-ci il 9 may Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasında silsilə tədbirlər keçirilir. Hüseyn Cavidin Ev Muzeyi də belə tədbirlərə qoşulmuşdur. May ayının 4-də Muzeydə qələbə münasibətilə keçirilən tədbirdə müharibədə həlak olanların xatirəsi anılmışdır.
   Tədbirin giriş nitqində Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı İkinci Dünya müharibəsi illərində bütün SSRİ xalqlarının nümayəndələri kimi Azərbaycanın oğul və qızlarının da ölkənin müdafiəsinə qalxdıqlarını və qələbənin təmin edilməsində onların xüsusi xidmətlərinin olduğunu vurğuladı. Bildirdi ki, elə bir azərbaycanlı ailəsi tapmaq çətindir ki, İkinci Dünya müharibəsinin ağrı-acısını dadmamış olsun, onun heç olmasa bir nəfər nümayəndəsi döyüşlərdə şəhid olmasın. Belə ailələrdən biri də dünya ədəbiyyatına Hüseyn Cavid kimi nəhəng bir ədəbi sima bəxş etmiş Rasizədələr ailəsidir. Əslində dəhşətli ağrı-acılar bu ailəni İkinci Dünya müharibəsi başlamazdan xeyli əvvəllər öz caynağına almışdı. 1937-ci ildə “xalq düşməni” damğası ilə həbs olunan Cavid əfəndi Rasizadələr nəslinin müharibəyə qədərki ilk qurbanı idi.
    Gülbəniz Babaxanlı çıxışında onu da nəzərə çatdırdı ki, H.Cavid hələ Birinci Dünya müharibəsi illərində ölkələri viran qoyan, xalqları qanına qəltan edən hərbi qarşıdurmalar, zorakılıqlar əleyhinə məşhur “İblis” (1918) mənzum pyesini yazarkən həyatının İkinci Dünya müharibəsi başlayandan çox az sonra sürgündə sona çatacağını bilmirdi. Hələ sənətkar onu da bilmirdi ki, müharibə kabusu onun istedadlı oğlu Ərtoğrolu, öz övladı kimi oxutdurub təhsil verdiyi Tahir Rasizadənin də üstünü alacaq, onların da həyatına son qoyacaqdır.
    G.Babaxanlı diqqətə çatdırdı ki, 1939-cu ildə Sibirə sürgün olunan, orada həbs düşərgələrində məhbus həyatı yaşayan Cavid əfəndinin ürəyi alman faşistlərinin Sovet İttifaqına hücumundan beş ay sonra, 1941-ci il dekabrın 5-də İrkutsk Vilayəti Tayşet rayonunun ucqar Şevçenko kəndindəki əlillər evində əbədi dayandı və sağ qalsaydı, Cavid əfəndi müharibənin qələbə ilə başa çatmasının şahidi olacaqdı. Təəssüflər olsun ki, Hüseyn Cavid bunları görə bilmədi. Bununla bərabər, İkinci Dünya müharibəsi Rasizadələrin digər nümayəndələrindən də yan ötüşmədi. 1942-ci ildə Şeyx Məhəmmədin oğlu – o zaman Lənkəran Subtropik Bitkilər Texnikumunda direktor vəzifəsində çalışan Tahir Rasizadəni, bir az sonra isə Ərtoğrol Cavidi ordu sıralarına səfərbərliyə aldılar. Bu zaman Cavid əfəndinin bacısı Fatmanın oğlu – Süleyman Məmmədov artıq Leninqradın blokadasında olmazın müsibətlər çəkirdi. Tahir Rasizadənin 1942-ci ilin fevral ayının 12-də əmisi oğlu Ərtoğrola ünvanlanmış məktubunda oxuyuruq: “Qardaşım Ərtoğrol! Salam. Çoxdandır ki, sizə yazmadım. Məzurəm. Səfər üzrə bu bir-iki sətri yazdım. Rəhbərin Krımı nemes işğalçılarından azad etmək uğrundakı göstərişini yerinə yetirməkdə iştirak etmək üçün bu gün sabah Novorissiyskə yola düşürük. Sağlıq olsun görüşüb danışarıq. Siz Tamara ilə tez-tez yazışın. Uşaqlardan xəbər tutun. Krımdan adresimi yazaram”. Təəssüflər olsun ki, Kerçdən Tahirin ünvanı əvəzinə “qara kağızı” gəldi. O, 1942-ci ildə düşmənlə gedən ölüm-dirim mübarizəsində şəhid oldu.Tahir Rasizadə 1942-ci ildə düşmənlə gedən ölüm-dirim mübarizəsində şəhid oldu.
    Sonra qeyd olundu ki, Tahir Rasizadə səfərbərliyə alınandan təxminən bir həftə sonra Ərtoğrolu da ordu sıralarına çağırdılar. Arxa cəbhədə – fəhlə batolyonundakı ağır işlər zərif təbiətli Ərtoğrolun səhhətinə tədricən öz mənfi təsirini göstərməyə başlayırdı. Ağır ağ ciyər xəstəliyinə düçar olmuş gənc, bir yandan da başsız qalmış anasının, bacısının taleyini düşünür, sarsıntıları daha da artırdı. 1943-cü ilin sonlarına doğru səhhəti daha da ağırlaşan Ərtoğrol Cavidi o zamanlar Gürcüstanda məsul vəzifədə çalışan, sonralar Moskva Dövlət Universitetinin kafedra müdiri olmuş, professor Əziz Şərif İrəvan yolu ilə Naxçıvana gətirir. Beləliklə, ağır repressiya illərinin əzablarını yaşamış Rasizadələr nəslinin nümayəndələri də sonradan müharibə kabusu ilə üzləşməli oldu. İkinci Dünya müharibəsi onlardan iki istedadlı gəncin – Ərtoğrol Cavidin və Tahir Rasizadənin həyatına son qoydu.
    Muzeyim direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının ətraflı və məzmunlu çıxışı tədbir iştirakçılarında dərin təəssüratlar yaratdı.
    Daha sonra çıxış edən Muzeyin elmi katibi Natiq Mürsəlov mövzu ilə bağlı bildirdi ki, o zaman Pedaqoji İnstitutun filologiya fakültəsini bitirib Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir bəyin sinifində təhsil alan Ərtoğrol cəbhəyə gedərkən sevimli müəllimi ilə görüşə bilmədiyindən, həm də anasından və bacısından çox nigaran qaldığından 1942-ci il mart ayının 15-də Ü.Hacıbəyova ünvanladığı məktubunda yazırdı: “Hörmətli Üzeyir bəy! İlk duracaq mənzilimiz Abxaziya dağları oldu – hər tərəf qarlı dağlar, soyuq, ağır iş, Bakıdan çıxdığım gündən heç kimdən məktub almamışam, hətta ailəmizdən də... ...Ən çox əzab verən, məni rahat buraxmayan səbəb varsa, yalnız ailəmizdir. Bəzən o dərəcədə bədbinləşirəm ki, yenidən görüşmək ümidi sönür, özümü ən bədbaxt bir fərd zənn edirəm. Ailəmizin rahat dolanmasına əmin ola bilsəydim, kədərim xeyli azalardı.” Yekunda N.Mürsəlov qeyd etdi ki, Alman fasistlərinin Sovetlər İttifaqına hücumundan beş gün sonra – 1941-ci il iyun ayının 27-də Ərtoğrolun qələmə aldığı “Layla” şeirində oxuyuruq:

   Düşmən hücum etsə əgər,
   Geniş sinən olsun səngər.
   Qabağa get, göstər hünər.
   Oğlum böyü, qoç bir nər ol!
   Cəbhələrə get, əsgər ol!
   Al bayrağın dalğalansın,
   Düşmənlərin qəlbi yansın.
   Vətən sənə arxalansın.
   Oğlum böyü, qoç bir nər ol!
   Cəbhələrə get, əsgər ol!

   Sonda Hüseyn Cavidin “İblis” pyesindən parçalar səsləndirilmişdir.