AMEA Hüseyn Cavidin Ev Muzeyində Xocalı soyqırımının
23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib

24.02.2015

    2015-ci il fevral ayının 24 -də AMEA Hüseyn Cavidin Ev Muzeyində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş “XX Əsrin faciəsi - Xocalı” adlı anım tədbiri keçirilib. Tədbir, Soyqırım nəticəsində həyatlarını itirən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ilə davam edib.
    Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı öz çıxışı zamanı bildirdi ki: “Xocalı faciəsi Azərbaycan xalqının və hər birimizin silinməz ağrısıdır. Bu hadisə 23 il bundan əvvəl baş verib, lakin öldürülmüş günahsız insanların xatirəsi daim ürəyimizdə yaşayacaqdır. Dövlətimiz bu faciənin tanınması yolunda uğurlu addımlar atır. “Xocalıya ədalət” Beynəlxalq kampaniya Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə irəli sürülmüşdür. Hazırda faciənin mənəvi və siyasi-hüquqi cəhətdən tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkəsində uğurla həyata keçirilir. On illərdir erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tutur.
    Bu istiqamətdə görülən məqsədyönlü iş 2005-ci ildə Fondun yaratdığı və geniş məlumat bazasına malik "Azərbaycan" portalının internet şəbəkəsinə qoşulması ilə başlamışdır. Portalda Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərdə yerli əhaliyə qarşı törədilən azğınlıq, tarix-memarlıq abidələrimizin vəhşicəsinə dağıdılması barədə faktlar öz əksini tapmışdır.” Bundan əlavə G.Babaxanlı bildirdi ki, muzey də öz növbəsində dövlətimizin bu aksiyasına dəstək olaraq Xocalı faciəsinin unudulmaması məqsədilə bir sıra işlər görür, sərgilər təşkil edir.
    Tədbirdə muzey əməkdaşları da çıxış edərək faciəni törədənləri qınadıqlarını bildirdilər. Onlar faciə zamanı xatirələrində qalanlardan, Xocalı faciəsinin canlı şahidi olan tanışlarından söhbət açaraq o günləri ürək ağrısı ilə xatırladıqlarını söylədilər.
    Anım tədbirində muzeyin ekspozisiyasında hazırlanmış, Xocalı faciəsinə həsr olunmuş foto sərgi, slayd nümayiş etdirildi.