AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi şurasinin növbəti iclasi keçirilib

05.06.2014

AMEA Hüseyn Cavidin Ev Muzeyində muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının sədrliyi ilə Elmi Şuranın növbəti iclası keçirilmişdir. Şurada 9 apreldən 30 aprelə qədər AMEA Hüseyn Cavidin Ev Muzeyində keçirilən elmi işçilərin attestasiyasının nəticələri ilə bağlı məsələ müzakirə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli 181 saylı "Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na əsaslanaraq AMEA Rəyasət Heyətinin qəbul etdiyi 2013-cü il 25 dekabr tarixli 25/4 saylı qərara müvafiq olaraq muzeydə çalışan elmi işçilər fərdi plan əsasında elmi tədqiqat işləri və son 5 ildəki elmi nəticələri əsasında komissiyada keçərək tutduqları vəzifəyə uyğun görülmüşlər. Şurada çıxış edən G.Babaxanlı attestasiyadan keçən əməkdaşlara gələcəkdə elmi fəaliyyətlərini daha da genişləndirmələrini tövsiyə etmişdir. Sonda Elmi Şura üzvlərinin yekdilliklə səsverməsi ilə attestasiyanın nəticələri təsdiq olunmuşdur.