AMEA Hüseyn Cavidin Ev Muzeyində Elmi şuranın iclasında 2013-cü il üçün
elmi-tədqiqat və elmi təşkilati fəaliyyəti haqqında hesabatı dinlənildi

05.12.2013

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyində illik hesabata həsr olunmuş elmi şuranın yekun iclası keçirilmişdir. İclası giriş sözü ilə açan AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı il ərzində muzeydə həyata keçirilən elmi-tədqiqat işləri, konfrans, seminar, simpoziumlarda iştirak, çap olunmuş elmi əsərlər, qəzet və jurnallarda dərc olunan məqalələr, elmi-təşkilati fəaliyyət və s. haqqında iclas iştirakçılarına geniş məlumat verdi. G.Babaxanlı muzeyin il ərzində əldə etdiyi mühüm nəticələr haqqında ətraflı məlumat verərək qeyd etdi ki, bu il ərzində muzeydə bir sıra yeni kitablar nəşr olunmuşdur. Fil.ü.e.d. G.Babaxanlı özünün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Heydər Əliyev və Hüseyn Cavid” adlı monoqrafiyası haqqında məlumat verərək bu monoqrafiyada Ümummilli Lider Heydər Əliyevin dahi sənətkar Hüseyn Cavid irsinə göstərdiyi diqqət və qayğıdan bəhs olunduğunu vurğuladı. Daha sonra muzeyin elmi katibi İlahə İbrahimova illik hesabatla iclas iştirakçılarını tanış etdi. Muzeyin əldə etdiyi mühüm nəticələrin sırasında digər nəşrlər haqqında da hesabatda ətraflı məlumat verildi. H.Cavidin Ev Muzeyinin və Bakı Slavyan Universitetinin birgə layihəsi ilə H.Cavidin “Şeyda” əsəri 10 dilə (rus, ingilis, fransız, alman, yunan, çex, polyak, belarus, bolqar, ukrayna) tərcümə edilmişdir. Kitabın 4 cildi (rus, ingilis, fransız, yunan) 2012-ci ildə, qalan 6 cildi (alman, çex, polyak, belarus, bolqar, ukrayna) 2013-cü ildə çap edilmişdir. H.Cavidin Ev Muzeyi filologiya elmləri doktoru Timuçin Әfәndiyevin 1985-ci ildə çap olunmuş “Hüseyn Cavidin ideyalar aləmi” adlı monoqrafiyasının təkrar nəşr etmişdir: “Hüseyn Cavid: ideal həqiqət axtarışı”. Nəşrə hazırlayanı və redaktoru: fil.ü.e.d. Gülbəniz Babaxanlı. Kitabda Cavid dramaturgiyasının estetik problemlərindən bəhs olunur. AMEA-nın müxbir üzvü Teymur Kərimli, fil.e.d., professor Məhərrəm Qasımlı, fil.e.d., professor Aybəniz Əliyeva-Kəngərli, fil.e.d. çıxış edərək hesabatı qənaətbəxş hesab etdiklərini bildirdilər. Hesabatla bağlı müzakirələr aparıldı, muzeyin fəaliyyəti müsbət qiymətləndirildi. Elmi şura üzvləri Azərbaycanda elm sahəsində gənclərə göstərilən diqqət və qayğı nəticəsində H.Cavidin Ev Muzeyində gənc alim və mütəxəssislər şurasının yaradılması məsələsi təqdirə layiq hal kimi qiymətlədirdilər və gələcək fəaliyyətində uğurlar arzuladılar.