Ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü AMEA Hüseyn Cavidin Ev Muzeyində anılmışdır

12.12.2017

    Dekabrın 12-də Azərbaycan xalqının ulu öndəri, dahi şəxsiyyət, çoxəsrlik tariximizdə əvəzsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ümummilli lider Heydər Əliyevin vəfatından 14 il ötür. Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində anım tədbiri keçirilib. Tədbir dahi şəxsiyyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə çıxış edən muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı vurğulayıb ki, Ümummilli liderimiz Heydər Əliyev titanik siyasi fəaliyyəti boyunca digər sahələrlə yanaşı, ədəbiyyat məsələlərinə də xüsusi diqqət yetirmiş, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, təbliği, dünya miqyasında tanıdılması, müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaradılması istiqamətində son dərəcə böyük işlər görmüş, nəhəng tədbirlər həyata keçirmişdir.
   Xalqımızın bir çox klassik sənətkarı kimi Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin də əsl qiymətini, müstəsna dəyər və lazımlığını Azərbaycan xalqının XX əsrdə yetirdiyi daha bir dahi oğlu, ümummilli liderimiz, sözün-sənətin böyük bilicisi və hamisi Heydər Əliyev müəyyən etmiş, onun istər cismən, istərsə də mənən vətəninə, xalqına qaytarılmasında, milli-mənəvi tərəqqi prosesində öz layiqli yerini tutmaqda müstəsna rol oynamışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə şairin Ev-muzeyi yaradılaraq fəaliyyətə başlamış, doğma vətəni Naxçıvanda möhtəşəm məqbərəsi ucaldılaraq Cavidin qərib ruhuna bir töhfə kimi ərmağan edilmişdir.
   Heydər Əliyev ideyalarının və işlərinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər sahədə olduğu kimi Cavid irsinin nəşri, təbliği və öyrənilməsi sahəsində də ümummilli liderimizin başladığı qədirşünaslıq fəaliyyətini davam və inkişaf etdirir. Bu baxımdan Hüseyn Cavidin 125, 130 və 135 illik yubileylərinin yüksək dövlət səviyyəsində keçirilməsi haqqında ölkə Prezidentinin imzaladığı sərəncamlar ədəbi-mədəni irsimizin, o sıradan Hüseyn Cavid yaradıcılığının ən ali dairələrdə necə yüksək qiymətləndirilməsi haqqında əyani təsəvvür oyadır.
   Tədbir zamanı Hüseyn Cavid irsinə Heydər Əliyevin misilsiz qayğısını özündə əks etdirən fotoşəkillərdən, kitablardan və disklərdən ibarət sərgi nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.