Hüseyn Cavidin vəfatının 76-ci il dönümü hörmətlə anıldı

05.12.2017

    Bu gün dahi dramaturq Hüseyn Cavidin vəfatından 76 il ötür. Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində anım tədbiri keçirilib. Tədbir giriş sözü ilə açan Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin keşməkeşli həyat yolundan və zəngin yaradıcılığından bəhs etdi. O bildirdi ki, Hüseyn Cavid 1941-ci ilin dekabr ayının 5-də İrkutsk vilayəti Tayşet rayonunun Şevçenko kəndində 59 yaşında vəfat edib. Ailəsinə onun ölümü haqqında şəhadətnamə yalnız 7 il sonra 1948-ci ildə gəlib çatıb. Əsl bəraət isə Hüseyn Cavidə 1982-ci il Heydər Əliyev tərəfindən verilib və onun nəşi ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1982-ci il oktyabrın 26-da uzaq Sibirdən Azərbaycana – öz doğma vətəninə gətirilib. Ümummilli lider Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin Bakıda və Naxçıvanda ev muzeyləri yaradılıb, Naxçıvandakı məzarı üzərində məqbərə ucaldılıb.
   Fil.ü.e.d Gülbəniz Babaxanlı Hüseyn Cavidin yaradıcılıq fəaliyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdı və qeyd etdi ki, Hüseyn Cavidin örnəksəl həyatı və yaradıcılığının əsas ideya istiqaməti olan romantizmi XX əsr Azərbaycan ədəbiyyatının mürəkkəb, çoxşaxəli və zəngin gedişində öz səsi və nəfəsi ilə seçilən qanunauyğun və əlamətdar bir hadisə kimi bu gün də öz məna və əhəmiyyətini saxlamaqdadır.
   Hüseyn Cavidin Ev Muzeyində hər il olduğu kimi bu il də keçirilən anım mərasimində bir çox cavidşünas alim və cavidsevərlər iştirak edərək Muzeyin ekspozisiyası ilə yaxından tanış oldular. Muzeyin ekspozisiyasında - “Cavidin faciəsi” otağında yer alan dəyərli eksponatlardan olan şairin Sibirdəki məzarından götürülmüş bir ovuc torpaq, xüsusilə, tədbir iştirakçılarının marağına səbəb oldu.
   Tədbirin davamında Muzeyin Elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva fondda qorunan Hüseyn Cavidə məxsus bir çox dəyərli eksponat haqqında qonaqlara ətraflı məlumat verdi.
   Sonda H.Cavidin nəşinin vətənə gətirilməsini əks etdirən “Qayıdış” filmi və onun müxtəlif illərdə çəkilmiş fotolarından ibarət slayd nümayiş etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.