Muzeydə növbəti açıq dərs Bakı Avrasiya Universitetinin tələbələri üçün keçirildi

23.11.2017

    AMEA Hüseyn Cavidin Ev Muzeyində elmlə təhsilin inteqrasiyası çərçivəsində tədbirlər davam edir. Bu istiqamətdə Muzeydə növbəti açıq dərs Bakı Avrasiya Universitetinin Türk filologiyası fakültəsinin I kurs tələbələri üçün təşkil edildi. Muzeydə tələbələrə dahi filosof-şair Hüseyn Cavidin həyat yolu, sənətkarın ailə üzvlərinin taleyi və ədibin əbədiyaşar zəngin yaradıcılığı haqqında geniş məlumat verildi. Dahi şairin yaşadığı dövr, həyatı, yaradıcılığı və Muzeyin zəngin eksponatları haqqında tələbələri maraqlandıran suallar cavablandırıldı. Sual-cavab şəklində keçirilən açıq dərsdə tələbələr dahi şairin “Şeyx Sənan”, “İblis”, “Maral” və s. əsərlərindən parçalar səsləndirdilər.
   Tələbələrə Muzeyin Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitabları (“Cavid hikməti: seçmə aforizmlər”, “Cavidşünaslıq” və “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid”) haqqında da ətraflı məlumat verildi.
   Bu açıq dərsə görə tələbələr və onların ədəbiyyat müəllimi Zəminə Rüstəmbəyli Muzey rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürlərini bildirərək Muzeyi ziyarətdən və keçirilmiş müzakirədən son dərəcə məmnun qaldıqlarını bildirdilər. Sonda xatirə şəkli çəkdirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.