Muzeydə şagirdlərə Hüseyn Cavid yaradıcılığı ilə bağlı açıq dərs keçirilib

15.11.2017

    AMEA Hüseyn Cavidin Ev Muzeyi elmlə təhsilin inteqrasiyası sahəsində fəaliyyətini davam etdirir. Bu istiqamətdə növbəti açıq dərs Bakı Avropa Liseyinin 9a2 sinfinin şagirdləri üçün təşkil olunub.
   Açıq dərsdə Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı şagirdlərə ətraflı məlumat verilib. Eyni zamanda filosof-şairin böyük fəlsəfi məna kəsb edən dram əsərləri təhlil olunub. Şagirdlərlə sual-cavab şəraitində keçirilən dərsdə məktəblilər fəal iştirak edərək, verilən suallara operativ cavab veriblər. Dərsin sonunda şagirdlərə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının “Ədəbi fikir və Hüseyn Cavid” monoqrafiyası haqqında da ətraflı məlumat çatdırılıb.
   Muzeyin zəngin ekspozisiya ilə yaxından tanış olan şagirdlər Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitablara da böyük maraq göstəriblər. Bu istiqamətdə onlara Muzeyin nəşrləri (“Cavidşünaslıq” araşdırmalar toplusu, “Cavid hikməti: seçmə aforizmlər”, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid”) haqqında da geniş məlumat verilib.
   Bu açıq dərsə görə şagirdlər və onların ədəbiyyat müəllimi Hidayət Allahverdiyev Muzey rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürlərini bildirərək Muzeyi ziyarətdən və keçirilmiş müzakirədən son dərəcə məmnun qaldıqlarını bildiriblər.
   Təhsil və elmin inteqrasiyasında fəal iştirak edən AMEA Hüseyn Cavidin Ev Muzeyində təşkil edilən bu cür tədbirlər şagirdlərin ədəbi dünyagörüşlərinin daha da zənginləşməsində, onların təhsil və tərbiyəsində, mənəvi-intellektual inkişafında mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, şagird və tələbələr üçün mütəmadi olaraq açıq dərslər təşkil edilməsi artıq ənənə halını almışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.