Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə Yasamal rayonunda ədibin adını daşıyan parkda xatirə tədbiri keçirilib

24.10.2017

    Oktyabrın 24-də dahi dramaturq, filosof-şair Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümü münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti, AMEA Hüseyn Cavidin Ev Muzeyi və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu birgə tədbir təşkil etmişdir.
   Əvvəlcə tədbir iştirakçıları Hüseyn Cavidin şərəfinə ucaldılmış abidənin önünə tər çiçəklər qoyaraq ədibin xatirəsini hörmətlə yad ediblər.
   Daha sonra tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun davamçısı prezident İlham Əliyevin Hüseyn Cavidə, cavidlər ailəsinə göstərdikləri diqqət və qayğıdan danışıb.
   Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirib ki, Hüseyn Cavid təkcə ölkəsinin deyil, bəşəriyyətinin problemlərinin qələmə almışdır. Sonra çıxışında dünyanı sivil, azad görmək istəyən ədibin anadan olmasının 135 illiyi ilə bağlı rayonda silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
   AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Cavid yaradıcılığı haqqında geniş məruzə edib. Akademik qeyd edib ki, Hüseyn Cavid dərin fəlsəfi məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub.
   Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının rəhbəri Tağı Əhmədov isə bildirib ki, ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə Hüseyn Cavidin nəşi uzaq Sibirdən Azərbaycana gətirilib, doğma Naxçıvanda torpağa tapşırılıb.
   AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı bildirib ki, dünya ədəbiyyatında özünəməxsus və təkrarolunmaz yer tutan Hüseyn Cavid yaradıcılığına maraq tükənməz olduğu kimi, onun yaradıcılıq yolu da sonsuzluğa doğru uzanır.
   Digər çıxışlarda bildirildi ki, ədibin yaradıcılığı insanların mənəvi dünyasını daim zənginləşdirir.
   Sonra 4-cü kurs tələbəsi Qəndab Əhmədova Hüseyn Cavidin əsərlərindən parçalar söyləyib.
   Tədbir konsert proqramı ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.