Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə Bolqarıstanda konfrans keçirilib

31.10.2017

    Oktyabrın 27-də Sofiyada Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycanın Bolqarıstandakı Səfirliyi, AMEA Hüseyn Cavidin Ev Muzeyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Qeyd edək ki, sözügedən konfrans “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2017-ci il tarixli Sərəncamından sonra dahi dramaturqun xatirəsinə həsr olunan ilk tədbirdir.
   Konfransda Bolqarıstanın dövlət və özəl qurumlarının nümayəndələri, Bolqarıstanın Baş müftisi Mustafa Hacı, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri, şair və yazıçılar iştirak etmişlər.
   Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, AMEA-nın Humanitar elmlər bölməsinin akademik-katibi Teymur Kərimli, AMEA nəzdində Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı, Bolqarıstan Elmlər Akademiyasının (BEA) vitse-prezidenti Vasil Nikolov, BEA-nın Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin “Türkologiya və altayşünaslıq” kafedrasının rəhbəri İrina Sarıivanova, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska çıxış etmişlər.
   Tədbirdə Sofiya Şəhər meri Yordanka Fandıkova, Bolqarıstanın Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stefan Dençev, Q.S.Rakovski adına Hərbi Akademiyanın rektoru Qrudi Anqelov, “Slavyanlar” fondunun sədri Zaxari Zaxariev, Elm, Təhsil və Mədəniyyət üzrə İctimai Akademiyanın sədri akademik Asen Boqdanovun tədbir iştirakçılarına ünvanlanmış məktubları səsləndirilmişdir.
   Səfir Nərgiz Qurbanova çıxışında romantik poetik dramaturgiyanın banisi kimi Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu söyləmiş, Azərbaycan ədəbiyyatının, eləcə də XX əsr ədəbi fikrinin görkəmli nümayəndəsi olan H.Cavidin şair və filosof, lirik dramaturq, istedadlı alim və ədib kimi nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda şöhrətindən söz açmışdır. N.Qurbanova ədibin dramaturgiyasının öz dövrünün universal sosial-siyasi və mədəni hadisələrini əhatə etdiyini və bir çox dillərə tərcümə edilərək geniş oxucu kütləsi qazandığını bildirmişdir.
   BEA-nın vitse-prezidenti Vasil Nikolov Azərbaycanın görkəmli dramaturqu H.Cavidə həsr olunan bu tədbirin Azərbaycan və Bolqarıstan arasında mədəni və elmi sahədə əlaqələrin genişlənməsinə şərait yaratdığını söyləmişdir. O, hər iki ölkənin elmlər akademiyalarının bu istiqamətdə fəal iş apardığını əlavə etmişdir. Cari ilin aprel ayında BEA ilə AMEA arasında elm və texnologiya üzrə əməkdaşlıq haqqında Saziş, eləcə də sözügedən Sazişə əlavə Protokolun imzalanmadığını diqqətə çatdıran V.Nikolov sözügedən sənədlərin iki akademiya arasında müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi, alim və tədqiqatçıların mübadiləsi, birgə elmi konfrans, seminar və simpoziumların təşkilini nəzərdə tutduğunu bildirmişdir. Vitse-prezident əlavə etmişdir ki, BEA-nın alimləri ənənəvi olaraq Bakı Beynəlxalq Humanitar Forumunda mühazirə ilə çıxış edirlər.
   Daha sonra o, H.Cavidin Azərbaycan ədəbiyyatı tarixində mühüm rolundan, şair və dramaturq və istedadlı pedaqoq kimi özünəməxsus yaradıcılığından söz açmışdır. “İblis”, “Peyğəmbər”, “Şeyx Sənan” və s. əsərləri ilə H.Cavid adının Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə daxil edildiyini vurğulamışdır. Dostoyevski kimi H.Cavidin də bəşəriyyətin xilasını məhəbbətdə, qadın gözəlliyində gördüyünü bildirən V.Nikolov dramaturqun yaradıcılığının Qərb və Şərq ədəbi-mədəni dəyərlərini özündə ehtiva etdiyi barədə məlumat vermişdir.
   Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Bolqarıstanda H.Cavid yaradıcılığına həsr olunan bu tədbirin böyük mədəni hadisə və Avropada Cavid irsinə həsr olunan ilk konfrans olduğunu diqqətə çatdırmışdır. Belə bir tədbirin Bolqarıstanda keçirilməsinin təsadüfi olmadığını bildirən vitse-prezident bunun ölkələrimiz arasında mədəni və elmi sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən xəbər verdiyini söyləmişdir. Hər iki akademiya arasında imzalanan elm və texnologiya üzrə əməkdaşlıq haqqında Sazişi yüksək qiymətləndirən İ.Həbibbəyli elmi sahədə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu əlavə etmişdir. Vitse-prezident yaxın günlərdə açılacaq Bakı-Tbilisi-Qars dəmir yolunun ölkələrimiz arasında mədəni əlaqələrə əlavə töhfə verəcəyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
   İ.Həbibbəyli “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2017-ci il tarixli Sərəncamını xatırlayaraq sərəncamdan 3 gün sonra belə bir tədbirin keçirilməsinin xüsusi önəmindən bəhs etmişdir. O, H.Cavidin Azərbaycanın Şekspiri, Bayronu adlandırıldığını, onun yaratdığı ənənələrin bu gün də davam etdirildiyini, onun əsərlərinin tamaşaya qoyulduğunu və izləyicilər tərəfindən böyük rəğbətlə qarşılandığını bildirmişdir. Vitse-prezident dramaturqun “Maral” və “Şeyda” dramlarının bolqar dilinə tərcümə edilməsinin əhəmiyyətindən söz açaraq bu hadisənin Bolqarıstanda Cavid irsinin öyrənilməsinə təkan verəcəyinə ümid etdiyini ifadə etmişdir.
   AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Hüseyn Cavidin “Topal Teymur” əsəri haqqında “Qalib və məğlub türkün tarixi dramı” məruzəsi ilə çıxış etmişdir.
   Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı dahi dramaturq Hüseyn Cavidin Azərbaycan ədəbiyyatı və teatrındakı rolundan danışıb, onun yaradıcılığının Şiller, Bayron, Hüqo ilə eyni səviyyədə dayandığını bildirmişdir.
   BEA-nın Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova H.Cavidin 135 illik yubileyinə həsr olunan bu tədbirin “Şərqin Şekspiri” adlandırılan dramaturqun yaradıcılığının Bolqarıstanda öyrənilməsinə imkan yaratdığını bildirmişdir. Bu baxımdan sözügedən tədbirin əhəmiyyətini yüksək qiymətləndirən direktor belə mədəni hadisələrin yeni görüşlərə və ədəbi-tarixi biliklərə təkan verdiyini, ölkələrimiz arasında səmərəli elmi dialoq və ideya mübadiləsi üçün şərait yaratdığını əlavə etmişdir.
   Repressiya qurbanı olmuş H.Cavidin acınacaqlı taleyi barədə tədbir iştirakçılarına məlumat verən E.Traykova XX əsr Bolqarıstanın mədəni-siyasi tarixində belə tale yaşayan yazıçı və ziyalıların olduğunu diqqətə çatdırmışdır. Dramaturqun “Maral” və “Şeyda” əsərlərinin bolqar dilinə tərcümə edilməsini alqışlayan direktor sözügedən əsərlərdə qoyulan ideyaların XX əsrin 20-30-cu illəri bolqar dramaturgiyasına da xas olduğunu bildirmişdir. O, dramaturqun Azərbaycan ədəbiyyatında yeni janrın – mənzum dramın əsasını qoyması, onun əsərlərinin Azərbaycan ədəbiyyatına verdiyi töhfə və milli teatrın inkişafındakı rolu barədə məlumat vermişdir.
   Daha sonra çıxış edən mühazirəçilər H.Cavid yaradıcılığının müxtəlif cəhətlərinə toxunmuş, onun əsərlərinin qısa təhlilini vermiş, dramaturqun Azərbaycan ədəbiyyatına töhfəsindən, əsasını qoyduğu ədəbi cərəyandan, ədibin yaratdığı obrazlar və onların xüsusiyyətlərindən bəhs etmişlər.
   Konfrans çərçivəsində həmçinin dramaturqun Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska tərəfindən bolqar dilinə tərcümə edilmiş “Maral” və “Şeyda” əsərlərinin təqdimatı keçirilmiş və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin tələbələrinin ifasında Azərbaycan və bolqar dillərində sözügedən əsərlərdən hissələr səsləndirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.