Hüseyn Cavidin “Maral” və “Şeyda” əsərləri bolqar dilində nəşr olunub

26.10.2017

    Dahi dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə tədbirlərin keçirilməsi davam edir. Tədbirlər silsiləsində oktyabrın 27-də Azərbaycanın Bolqarıstandakı Səfirliyi, AMEA Hüseyn Cavidin Ev Muzeyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Bolqarıstanda genişmiqyaslı tədbir keçiriləcək.
   Yubiley münasibətilə bolqar dilində nəşr olunan “Maral” və “Şeyda” əsərləri tədbirdə bolqar oxucularına təqdim olunacaq. Kitablar həmçinin Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Milli Kitabxanası da daxil olmaqla, digər aparıcı kitabxanalara, eləcə də həmin ölkənin ali təhsil müəssisələrinin kitabxanalarına hədiyyə ediləcək.
   Hər iki kitabın tərtibçisi və ön söz müəllifi filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.
   “Maral” əsərini bolqar dilinə tərcümə edənlər Momçil Şopov, Janet Nikolova, redaktoru isə Sofiya Şiqaevadır.
   “Şeyda” əsərinin bolqar dilinə tərcüməçisi Sofiya Şiqaeva, redaktoru isə VenetaYankovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.