Muzeydə Xəzər Universitetinin tələbələrinə elmlə təhsilin inteqrasiyası çərçivəsində açıq dərs keçirilib

11.10.2017

    Oktyabr ayının 10-da AMEA Hüseyn Cavidin Ev Muzeyində Xəzər Universitetinin Təhsil fakültəsinin I kurs tələbələri üçün "H.Cavidin həyat və yaradıcılığı" mövzusunda açıq dərs təşkil olunub. Tələbələr müəllim – filologiya üzrə fəlsəfə doktoru Xatirə Yusifovanın rəhbərliyi altında muzeyi ziyarət ediblər.
   Açıq dərs əsnasında tələbələrə dahi dramaturqun həyatı, yaradıcılıq yolu, ədəbi irsi və ailə üzvləri haqqında geniş məlumat verilib. Tələbələrə ədibin "Ana", "Maral", "Şeyda", "Şeyx Sənan", "Peyğəmbər", "Topal Teymur" və s. dram əsərlərinin mövzusu və ideyası ilə bağlı da ətraflı bilgilər verilib.
   Ekspozisiya ilə yaxından tanış olan tələbələr Muzeyin Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitabları (“Cavid hikməti: seçmə aforizmlər”, “Cavidşünaslıq” və “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid”) haqqında da məlumatlanıblar.
   Qeyd edək ki, Muzeyin əməkdaşları Cavid əfəndinin yaradıcılığı ilə bağlı tələbələri maraqlandıran digər sualları da cavablandırdılar. Sual-cavab əsnasında tələbələr Hüseyn Cavidin ölməz misralarını səsləndiriblər:

   Kəssə hər kim tökülən qan izini,
   Qurtaran dahi odur yer üzünü!


   Vurğulayaq ki, Hüseyn Cavidin Ev Muzeyində müxtəlif universitetlərin tələbələri üçün “Hüseyn Cavidin həyat və yaradıcılığı” mövzusunda açıq dərslərin keçirilməsi artıq bir ənənə halını almışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.