Turan Cavidin vəfatının 13-cü il dönümü hörmətlə anıldı

12.09.2017

    Azərbaycanın dahi dramaturqu, filosof-şair Hüseyn Cavidin qızı, dəyərli muzeyşünas, pedaqoq, mətnşünas Cavidlər ailəsinin layiqli davamçısı olan Turan Cavidin vəfatından 13 il ötür.
   Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı qeyd edib ki, Turan Cavid atası, dahi dramaturqumuz Hüseyn Cavidin adına layiq ləyaqətli ömür sürmüş, bütün həyatını və fəaliyyətini Hüseyn Cavidin irsinin toplanması, qorunması, tədqiqi və təbliğinə sərf etmişdir.
   Fil.ü.e.d Gülbəniz Babaxanlı Turan Cavidin hər tərəfli fəaliyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdı, onun muzeyşünas, teatrşünas, senarist, mətnşünas, pedaqoq və bir alim kimi mövqeyindən danışdı. Çıxışında G.Babaxanlı onu da vurğuladı ki, bu gün də Turan Cavidin bütün həyatını sərf etdiyi cavidlər irsinin qorunması, təbliği və tədqiqi ilə bağlı muzeyimizdə həyata keçirilən işlər uğurla davam etdirilir.
   Tədbirin davamında Muzeyin şöbə müdiri Cəmilə Rzayeva Hüseyn Cavidin nəşinin Naxçıvana gətirildiyi vaxt Turan xanımla ilk dəfə orda tanış olduğunu diqqətə çatdırdı. Cəmilə xanım bu münasibətlərin sonralar da davam etdiyini vurğuladı. O, nitqinin sonunda Turan xanım haqqında xoş sözlər deyib Allahdan ona rəhmət dilədi.
   Tədbirdə çıxış edən muzeyin elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva fil.ü.e.d. Gülbəniz Babaxanlının layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür səlnaməsi” kitabı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Turan Cavid haqqında bu materiallar sistemli və kompleks şəkildə toplanaraq nəşr halına gətirilmiş və bu kitab Turan Cavidin xatirəsinin əbədiləşdirilməsinə mühüm töhfədir. Sonda Turan Cavidin muzeydəki fəaliyyətini əks etdirən şəkillərindən ibarət fotoslayd, ona məxsus əşyalar və sənədlərdən ibarət sərgi nümayiş etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.