İranlı tədqiqatçı və şair Əkbər Həmidi Əlyar, şair Nadir Fazil, professor Möhsün Nağısoylu Muzeyin qonağı oldular

11.09.2017

    Cənubi Azərbaycanın Urmiya şəhərindən olan tədqiqatçı və şair Əkbər Həmidi Əlyar, şair Nadir Fazil, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı oldular.
   Qonaqlarla dahi dramaturq, filosof-şair Hüseyn Cavidin zəngin yaradıcılığı haqqında geniş fikir mübadiləsi aparıldı. Ədibin “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər” əsərlərindəki ümumbəşəri ideyalardan danışıldı. Eyni zamanda günümüzə qədər yazılmış bütün “Şeyx Sənan” əsərləri haqqında da fikirlər səsləndirildi.
   Daha sonra Əkbər Həmidi Əlyar Hüseyn Cavidin Ev Muzeyi ilə əməkdaşlığından danışdı. Xatırladaq ki, bu əməkdaşlıq sayəsində “Peyğəmbər” və “Şeyx Sənan” əsərləri onun tərcüməsində farscaya çevrilmişdir. Qeyd edək ki, Hüseyn Cavidin Ev Muzeyinin Əkbər Həmidi Əlyarla əməkdaşlığının perspektivi günü-gündən artmaqdadır. Bu istiqamətdə o, Hüseyn Cavid irsinin Cənubi Azərbaycanda geniş təbliği niyyətində olduğunu bildirdi və qeyd etdi ki, yaxın zamanlarda “Maral” əsəri də fars dilinə tərcümə olunub çap ediləcəkdir.
   Fərəh və sevinc hissi ilə vurğulayaq ki, Hüseyn Cavidin Ev Muzeyi Cavid əfəndinin irsinin təbliği sayəsində beynəlxalq aləmə doğru inamla irəliləməkdədir. Qeyd edək ki, qonaqlar da Muzeyin işini yüksək qiymətləndirdi. Sonda onlarla xatirə şəkili çəkildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.