“Muzeylər və İslam həmrəyliyi” proqramı çərçivəsində Hüseyn Cavid irsinin təbliği

26.05.2017

    AMEA Hüseyn Cavid Ev Muzeyi Azərbaycan Respublikası Prezidentinin 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi və 18 may tarixinin Beynəlxalq Muzey Günü olması ilə əlaqədar olaraq may ayı ərzində şagird və müəllimlər üçün “Açıq qapı” günləri keçirir.
    26 may tarixində Hüseyn Cavid Ev Muzeyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi “Muzeylər və İslam həmrəyliyi” proqramı çərçivəsində orta ümumtəhsil məktəblərinin şagirdlərinin muzeyə ekskursiyasını təşkil etdilər. Gün ərzində Nəsimi rayonu 14 saylı orta məktəbin, Binəqədi rayonu 300 saylı orta məktəbin, Yasamal rayonu 42 saylı və 225 saylı orta məktəbin müəllimləri və şagirdləri Azərbaycanın görkəmli şairi, dramaturqu, milli romantizmin banisi Hüseyn Cavidin Ev Muzeyini ziyarət etdilər. Ekskursiya boyunca ziyarətçilərə Hüseyn Cavidin həyat və yaradıcılığı, Turan Cavid və Ərtoğrol Cavidin milli mədəni irsimizin tədqiqi və təbliği sahəsində fəaliyyəti haqqında geniş məlumat verildi. Hüseyn Cavidin Ev Muzeyində saxlanılan eksponatlar ziyarətçilərin böyük marağına səbəb oldu. 14 saylı orta məktəbin şagirdləri Hüseyn Cavidin “İblis” əsərindən parçalar səsləndirdilər.
    70-dən çox şagirdin və 8 müəllimin iştirak etdiyi ekskursiyanın sonunda ziyarətçilərlə xatirə şəkili çəkildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.