AMEA Hüseyn Cavidin Ev Muzeyi və Üzeyir Hacıbəylinin Ev Muzeyi “1920-1950-ci illərdə repressiyalar” mövzusunda tədbir keçirdi

18.05.2017

    18 may 2017-ci ildə AMEA Hüseyn Cavidin Ev Muzeyi və Üzeyir Hacıbəylinin Ev Muzeyinin birgə təşkilatçılığı ilə “1920-1950-ci illərdə repressiyalar” mövzusunda tədbir keçirildi. Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının təşəbbüsü ilə muzeyin əməkdaşları Lalə Əliyeva və Naira Bəbirova tədbirdə iştirak etdilər. Tədbirdə çıxış edən Üzeyir Hacıbəylinin Ev muzeyinin direktoru Sərdar Fərəcov qeyd etdi ki, Hüseyn Cavidin həyatdan vaxtsız köçmüş oğlu Ərtoğrol Cavid Üzeyir Hacıbəylinin sevimli tələbəsi olmuş və dahi bəstəkar ömrünün sonuna qədər dostu Hüseyn Cavidin ailəsinə himayədarlıq etmişdir.
    Tədbirdə həmçinin böyük şairimizin nəşini uzaq Sibirdən vətənə gətirən şəxslərdən biri Həmid Cəfərov çıxış edərək həmin tarixi anları bir daha xatırlatdı. Həmid Cəfərov Üzeyir bəylə Hüseyn Cavidin sıx dostluq münasibətləri və birgə yaradıcılıqlarının əhəmiyyətindən bəhs etdi.
    Sonda böyük şair Hüseyn Cavidin yeganə oğlu, unudulmaz bəstəkar Ərtoğrol Cavidin musiqiləri səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.