Azərbaycan Dillər Universitetinin "SABAH" qruplarının tələbələri üçün AMEA Hüseyn Cavidin Ev Muzeyində açıq dərs keçirildi

15.05.2017

    AMEA Hüseyn Cavidin Ev Muzeyində elmlə təhsilin inteqrasiyası çərçivəsində tədbirlər davam edir. Bu istiqamətdə Muzeydə növbəti açıq dərs Azərbaycan Dillər Universitetinin "SABAH" qruplarının tələbələri üçün təşkil edildi. Muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı tələbələrə dahi filosof-şair Hüseyn Cavidin həyat yolu, sənətkarın ailə üzvlərinin taleyi və ədibin əbədiyaşar zəngin yaradıcılığı haqqında geniş məlumat verdi. Dahi şairin yaşadığı dövr, həyatı, yaradıcılığı və muzeyin zəngin eksponatları haqqında tələbələri maraqlandıran suallar cavablandırıldı. Dərs zamanı tələbələr Cavid əfəndinin şeirlərindən parçalar səsləndirdilər. Bu açıq dərsə görə tələbələr və onların ədəbiyyat müəllimi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə muzey rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürlərini bildirərək Muzeyi ziyarətdən və keçirilmiş müzakirədən son dərəcə məmnun qaldıqlarını qeyd etdilər. Öz təəssüratlarını rəy kitabında əbədiləşdirdilər və xatirə şəkli çəkdirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.