AMEA Hüseyn Cavidin Ev Muzeyinin 2016-cı ildəki elmi fəaliyyəti yüksək qiymətləndirildi

01.05.2017

    Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncaq keçirilib.
    Elmi nailiyyətlər sərgisində nümayiş olunan AMEA Hüseyn Cavidin Ev Muzeyinin 2016-cı ildəki elmi fəaliyyətini əks etdirən sərgi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli tərəfindən yüksək qiymətləndirilib.
    AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən 10 cildi nəşr olunmuş digər cildləri çapa hazırlanan 50 cildlik “Cavidşünaslıq” elmi araşdırmalar toplusu haqqında məlumat vermişdir. Bu elmi məqalələr külliyyatının nəşri məqsədəuyğun hesab edilmişdir.
    AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə AMEA Hüseyn Cavidin Ev Muzeyinin yeni nəşrləri- “Kitabi-Dədə Qorqud” dastanından seçilmiş aforizmlərin ilk dəfə Azərbaycan, ingilis və rus dillərində dərc olunduğu “Dədəm Qorqud belə demiş” və Hüseyn Cavid əsərlərindən seçilmiş aforizmlərin iki dildə-Azərbaycan və ingilis dillərində çap olunmuş “Cavid hikməti: seçmə aforizmlər” kitabları təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.