Hüseyn Cavid yaradıcılığı Türkiyənin nüfuzlu Gazi Universitetində tədqiq olunur

15.02.2017

    Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən nüfuzlu Gazi Universitetinin “Türk dili və edebiyatı öğretmenliyi” fakültəsində dahi şairimiz, böyük dramaturq Hüseyn Cavidin zəngin ədəbi-bədii və fəlsəfi irsi ətraflı tədqiq olunur. Bu məqsədlə həmin universitetin gənc tədqiqatçısı Derya Arslan AMEA Hüseyn Cavidin Ev Muzeyində elmi ezamiyyətdə olub. D.Arslan muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı ilə görüşündə səfərinin məqsədi və elmi tədqiqat işinin plan-prospekti haqqında geniş məlumat verib. O, vurğulayıb ki, Gazi Universitetində Cavid əfəndinin ümumbəşəri fəlsəfi yaradıcılığı professorlar Hüseyn Özbay və Ali Akıcı tərəfindən geniş tədris və tədqiq olunur. Bildirilib ki, həmin tədqiqatların davamı olaraq universitet rəhbərliyi onu AMEA Hüseyn Cavidin Ev Muzeyinə elmi ezamiyyətə göndərib. Muzeyin direktoru, fil.ü.e.d. G.Babaxanlı böyük mütəfəkkir, dahi şair Hüseyn Cavidin bəşəri ideyaları təbliğ edən və türkçülüyün mühüm ədəbi-fəlsəfi irsini təşkil edən zəngin yaradıcılığının Gazi Universitetində bu cür maraqla tədrisi və tədqiqini yüksək qiymətləndirərək gənc tədqiqatçıya elmi ezamiyyətində hər cür dəstəyin göstəriləcəyini bildirib. G.Babaxanlı muzeyin nəşrlərini qonağa təqdim edərək onları universitet kitabxanasına hədiyyə edib. D.Arslan Ankarada Cavid əfəndinin həyat və yaradıcılığı barədə geniş təqdimat hazırlayacağını və universitetin professor-müəllim heyəti qarşısında hesabatla çıxış edəcəyini bildirib. Daha sonra qonaq muzeyin ekspozisiyası ilə yaxından tanış olub və xatirə fotosu çəkdirilib.

Materiallardan istifadə edərkən sayta istinad etmək mütləqdir.