31 mart Azərbaycanlıların soyqırım gününə həsr edilmiş anım tədbiri keçirildi

13.03.2014

AMEA Hüseyn Cavidin Ev Muzeyində 31 mart Azərbaycanlıların soyqırım gününə həsr edilmiş anım tədbiri keçirildi. Azərbaycanlıların soyqırımı 31 mart 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verilib. Hər il 31 martı Azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq. Gülbəniz Babaxanlı daha maraqlı bir faktı qeyd etdi ki, 1918-ci ilin mart ayında daşnakların törətdiyi bu faciələr zamanı ölüm təhlükəsi ilə üz-üzə qalanlardan biri də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid olmuşdur. Qaniçən cəlladlar H.Cavidi və onunla bərabər “Təbriz” mehmanxanasında yaşayan digər insanları da oradan silah gücünə çıxarmışlar və yol boyu bu insanlardan əksəriyyətini güllələmişlər. H.Cavid bir təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilmişdir. Sonda muzeyin ekspozisiyasında hazırlanmış 31 mart soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş foto sərgi və slayd nümayiş etdirilmişdir.