Hüseyn Cavidin 135 illik yubileyinə hazırlıq işlərinə start verilib

09.01.2017

    AMEA Hüseyn Cavidin Ev Muzeyi böyük mütəfəkkir və dahi dramaturq Cavid əfəndinin bu il tamam olacaq 135 illik yubileyinə hazırlıq işlərinə başlayıb. Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının rəhbərliyi ilə görkəmli şair H.Cavidin yubileyinə həsr olunmuş işlərin prioritet istiqamətləri müəyyənləşdirilib:
    - Respublika və dünya cavidşünaslarının səylərini koordinasiya edərək birləşdirməklə, Hüseyn Cavid əsərlərindən milli mənəvi inkişafımızın mühüm amillərindən biri kimi yararlanmaq və mədəni inkişafda, milli mentalitetin qorunmasında bu irsin potensial imkanlarını üzə çıxararaq cəmiyyət həyatına tətbiq edilməsi;
    - Hüseyn Cavidin əsərləri haqqında milli dövlətçiliyimizin müasir inkişaf səviyyəsinin tələbləri baxımından yeni elmi əsərlərin yazılması;
    - Hüseyn Cavid əsərlərindən seçmə örnəklərin aparıcı dünya dillərinə tərcümə və çap edilməsi işinin davam etdirilməsi;
    - “Cavidşünaslıq” araşdırmalar toplusun növbəti cildlərinin çapa hazırlanması və nəşr olunması;
    - Hüseyn Cavid irsinin tədqiqi problemlərinə həsr edilmiş elmi konfransın keçirilməsi;
    - “Hüseyn Cavidin Ev Muzeyinin izahlı kataloqu”nun daha da təkmilləşdirilməsi;
    - muzeyin elektron bazasının mütamadi zənginləşdirilməsi;
    - muzeyin fondunda saxlanılan materialların ictimaiyyətə çatdırılması məqsədi ilə arxivdə qorunan və indiyə qədər çap olunmayan sənədlərin, əsərlərin və başqa materialların tam mətninin işlənərək latın qrafikasında çap olunması və elektron bazaya yerləşdirilməsi;
    - Hüseyn Cavid yaradıcılığının tam mətnli elektron variantının muzeyin saytında yerləşdirilməsi;
    - muzeyin fondunun və ekspozisiyasının zənginləşdirilməsi məqsədi ilə yeni eksponatların sifarişi və alınması.

Materiallardan istifadə edərkən sayta istinad etmək mütləqdir.