AMEA Hüseyn Cavidin Ev Muzeyində anım tədbiri keçirilib

12.12.2016

    Bu gün Azərbaycan xalqının ulu öndəri, dahi şəxsiyyət, çoxəsrlik tariximizdə əvəzsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ümummilli lider Heydər Əliyevin vəfatından 13 il ötür. Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində anım tədbiri keçirilib. Tədbir dahi şəxsiyyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə çıxış edən muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı vurğulayıb ki, Ümummilli liderimiz Heydər Əliyev titanik siyasi fəaliyyəti boyunca digər sahələrlə yanaşı, ədəbiyyat məsələlərinə də xüsusi diqqət yetirmiş, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, təbliği, dünya miqyasında tanıdılması, müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaradılması istiqamətində son dərəcə böyük işlər görmüş, nəhəng tədbirlər həyata keçirmişdir. G. Babaxanlı onu da vurğuladı ki, Ulu öndərin böyük rəğbətlə qayğı göstərdiyi klassik Azərbaycan sənətkarları içərisində dahi filosof-şair, dramaturq, böyük mütəfəkkir Hüseyn Cavidin özünəməxsus yeri vardır. Cavid sənətinə hələ keçən əsrin 70-ci illərindən maraq göstərən Heydər Əliyev onun adını Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirənlər sırasında dəfələrlə çəkmişdir. 80-ci illərin əvvəllərindən isə ümummilli liderimiz Hüseyn Cavid irsinə müntəzəm diqqət göstərmiş, şairə layiqli qiymətin verilməsi işinə nəzarəti bir an belə zəiflətməmişdir. 1995-ci ilin iyununda Cavid əfəndinin məqbərəsinin və ev muzeyinin yaradılmasına həsr edilmiş müşavirədəki nitqində Hüseyn Cavidin irsinin əbədiləşdirilməsi ilə bağlı prosesi təhlil edən Ulu öndər doğrudan da mədəniyyətimiz, ədəbiyyatımız, elmimiz üçün unikal bir dahi şəxsiyyət olduğunu xüsusilə vurğulamışdır.
    Tədbir zamanı Hüseyn Cavid irsinə Heydər Əliyevin misilsiz qayğısını özündə əks etdirən fotoşəkillərdən, kitablardan və disklərdən ibarət sərgi nümayiş olunub.

Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com