“Müstəqillik illərində Hüseyn Cavid irsinə dövlət qayğısı” mövzusunda dəyirmi masa keçirilmişdir

13.10.2016

    Bu gün AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illik yubileyi və böyük şairimiz Hüseyn Cavidin anadan olmasının 134 illiyi münasibətilə “Müstəqillik illərində Hüseyn Cavid irsinə dövlət qayğısı” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir Azərbaycan Yazıçılar Birliyinin tərkibində fəaliyyət göstərən “Hüseyn Cavid poeziya günləri komissiyası” ilə birgə təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı bildirdi ki, Azərbaycan müstəqilliyinin banisi, ulu öndər Heydər Əliyev hər zaman Hüseyn Cavid irsinə böyük qayğıkeşlik göstərmiş və dahi dramaturqun xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət yetirmişdir. G.Babaxanlı onu da qeyd etdi ki, Cavidin Bakıda və Naxçıvanda ev muzeylərinin təşkil olunması da bu diqqətin ən parlaq nümunəsidir. Tədbirdə böyük şairimizin nəşini uzaq Sibirdən gətirənlərdən Həmid Cəfərov və Telman Əliyev çıxış edərək həmin tarixi anları bir daha xatırladılar. Daha sonra mövzu ilə bağlı çıxış edən filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli dahi dramaturqun və ümumiyyətlə cavidlər ailəsinin irsinin toplanması, qorunması, təbliği və tədqiqi sahəsində AMEA Hüseyn Cavidin Ev Muzeyinin fəaliyyəti və qazandığı nailiyyətləri yüksək qiymətləndirdi. Tədbir zamanı Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kəmaləddin Qədim, İlqar Fəhmi Nizami Muradoğlu da çıxış edərək mütəfəkkir şairin zəngin yaradıcılığının müxtəlif cəhətləri ilə bağlı fikir mübadiləsi aparılmışlar. Sonda Hüseyn Cavidin şeirlərindən parçalar və onun haqqında yazılmış sözlərə bəsdələnmiş mahnılar dinlənildi.

Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com