“Turan Cavid xatirələrdə” adlı dəyirmi masa keçirilmişdir

30.09.2016

    Bu gün dahi Azərbaycanın böyük şairi və dramaturqu Hüseyn Cavidin əziz qızı, dəyərli muzeyşünas, teatrşünas, mətnşünas və pedaqoq, Cavidlər ailəsinin layiqli davamçısı Turan Cavidin anadan olmasının 93 illiyi münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyində “Turan Cavid xatirələrdə” adlı dəyirmi masa keçirildi. Tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, muzeyin əməkdaşları və Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin nəvələri iştirak edirdilər. Muzeyin direktoru Gülbəniz Babaxanlı tədbiri açıq elan edərək öz çıxışında Turan Cavidlə bağlı xatirələrindən söhbət açdı. O, bildirdi ki, Turan Cavid bu həyatda atası, dahi şairimiz Hüseyn Cavidin adına layiq bir ömür sürməklə nə qədər xeyirli və gərəkli övlad olduğunu sübut etmişdir. Məhz buna görədir ki, onun həyatı və yaradıcılığı bütün azərbaycanlılara, gənclərə və bütün vətən övladlarına bir örnəkdir. Qeyd olundu ki, Turan Cavid bütün həyatını və fəaliyyətini Hüseyn Cavidin irsinin toplanması, qorunması, tədqiqi və təbliğinə sərf etmiş, Cavidin əsərlərindən ibarət külliyyatının ilkin variantına qaytarılması istiqamətində mühüm işlər həyata keçirmişdir. Çıxışında G.Babaxanlı onu da vurğuladı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dahi Cavidə vəfalı övlad, Turana isə qayğıkeş qardaş münasibəti bəsləmişdir. Daha sonra Hüseyn Cavidin əziz qohumları çıxış edərək Turan xanımla bağlı xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
    Tədbirdə Turan Cavidin həyat və fəaliyyəti ilə bağlı şəkillərdən ibarət fotoslayd, ona məxsus əşyaları və sənədləri əks etdirən ənənəvi və virtual sərgi nümayiş etdirildi.

Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com