“Turan Cavidsiz keçən 12 il” adlı anım tədbiri keçirilib

09.09.2016

    Bu ilin sentyabr ayının 12-də Azərbaycanın böyük şairi və dramaturqu Hüseyn Cavidin əziz qızı, dəyərli muzeyşünas, teatrşünas, mətnşünas və pedaqoq, Cavidlər ailəsinin layiqli davamçısı Turan Cavidin vəfatından 12 il ötür. Bununla bağlı bu gün AMEA Hüseyn Cavidin Ev Muzeyində “Turan Cavidsiz keçən 12 il” adlı anım mərasimi keçirildi. Tədbir böyük şəxsiyyət və ziyalı xanım Turan Cavidin xatirəsinin ehtiramla yad edilməsi ilə başlandı. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı tədbiri açıq elan edərək öz çıxışında Turan Cavidin zəngin həyat yoluna nəzər saldı. O, qeyd etdi ki, Turan Cavid bu həyatda atası, dahi şairimiz Hüseyn Cavidin adına layiq bir ömür sürməklə nə qədər xeyirli və gərəkli övlad olduğunu sübut etdi. Bu mənada, onun həyatı və yaradıcılığı bütün azərbaycanlılara, vətən övladlarına bir örnəkdir. Belə ki, Turan xanım bütün həyatını və fəaliyyətini Hüseyn Cavidin irsinin toplanması, qorunması, tədqiqi və təbliğinə sərf etmiş, Cavidin əsərlərindən ibarət külliyyatının ilkin variantına qaytarılması istiqamətində çoxşaxəli işlər həyata keçirmişdir. G.Babaxanlı onu da qeyd etdi ki, dahi Cavid yaradıcılığı ilə özündən sonra Azərbaycan ədəbiyyatını zənginləşdirən ölməz irs qoyub getmiş, Turan Cavid də bu irsə daxil olan əsərlərin son mükəmməl nəşrini hazırlayıb öz xalqına təhvil vermiş və 2004-cü il sentyabr ayının 12-də rahatlıqla həmişə intellekt və əsilzadəlik yağan gözlərini əbədi yummuşdur. Çıxışında G.Babaxanlı onu da vurğuladı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dahi Cavidə vəfalı övlad, Turana isə qayğıkeş qardaş münasibəti bəsləmişdir. Bugünkü anım mərasiminin təşkil olunduğu bu mədəniyyət və elm ocağı olan və Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Hüseyn Cavidin Ev Muzeyi də məhz Ulu öndərlə Turan Cavidin birlikdə ərsəyə gətirdikləri möhtəşəm əsərdir. G.Babaxanlı onu da diqqətə çatdırdı ki, bu gün də Turan Cavidin bütün həyatını sərf etdiyi cavidlər irsinin qorunması, təbliği və tədqiqi ilə bağlı muzeyimizdə həyata keçirilən işlər uğurla davam etdirilir.
    Tədbirdə çıxış edən muzeyin elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva fil.ü.e.d. Gülbəniz Babaxanlının layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür səlnaməsi” kitabı haqqında ətraflı məlumat verərək bildirdi ki, çox böyük yaradıcılıq, araşdırmaçılıq missiyası ilə kifayət qədər maraqlı və zəngin həyat yolu keçmiş Turan Cavidin şəxsiyyəti haqqında, onun ictimai fəaliyyəti barədə 100-ə yaxın müxtəlif mətn, 300-dən artıq foto və sənədin yer aldığı bu nəşrdə Turan Cavidin bütün həyat və yaradıcılığına işıq salmışdır. O, qeyd etdi ki, ilk dəfədir ki, Turan Cavid haqqında bu materiallar sistemli və kompleks şəkildə toplanaraq nəşr halına gətirilmiş və bu kitab Turan Cavidin xatirəsinin əbədiləşdirilməsinə mühüm töhfədir.
    Tədbir zamanı Turan Cavidin həyat və fəaliyyəti ilə bağlı, əsasən də muzeydəki fəaliyyətini əks etdirən şəkillərindən ibarət fotoslaydı, ona məxsus əşyaları və sənədləri əks etdirən ənənəvi və virtual sərgi nümayiş etdirildi.

Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com