“Kitabi-Dədə Qorqud” dastanlarındakı aforizmlər 3 dildə nəşr olunmuşdur

30.06.2016

    Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının yeni 3 dildə “Dədəm Qorqud belə demiş” adlı kitabı nəşr olunmuşdur. Kitabda Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanındakı aforizmlər, hikmətli sözlər, müdrik kəlamlar ədəbiyyatşünas-alim G.Babaxanlı tərəfindən seçilərək ilk dəfə olaraq Azərbaycan, ingilis və rus dillərində dərc olunmuşdur.
    Filoloq-alim G.Babaxanlının Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuş "Kitabi-Dədə Qorqud" dastanlarının bədii təsvir vasitələri ilə zəngin olan poetik dilindən seçərək topladığı və işlədiyi aforizmlər, ibrətamiz kəlamlar, iqtibaslar toplusunun nəşri mühüm əhəmiyyət kəsb edir. Belə ki, “Kitabi-Dədə Qorqud” dastanındakı aforizmlərin üç müxtəlif dildə çapa hazırlanması və eposdakı müdrik kəlamlarla bağlı mövcud fikir və mülahizələri müasir elmi təfəkkürün, qorqudşünaslığın hazırkı inkişafının mənzərəsi fonunda nəzərdən keçirməsi ona görə aktualdır ki, misilsiz zənginliyi ilə seçilən bu abidədəki aforizmlər indiyəcən, kitablardan da göründüyü kimi, ayrıca və 3 dildə çap edilməmişdir.
    Alimin mövcud kitabında dastandakı aforizmlər ilk dəfə olaraq bütövlükdə, olduqca fundamental və sistemli şəkildə araşdırılmış, demək olar ki, dastanda öz əksini tapan bütün hikmətli sözlər və müdrik kəlamlar seçilərək toplanmış, işlənilmiş və vahid toplu halında çap olunmuşdur.
    Nəşrin elmi redaktoru, AMEA-nın vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitaba “Qorqud atanın müdrükliyi” adlı ön söz yazmışdır. Toplunun elmi məsləhətçisi AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, kitabda verilmiş illüstrasiyaların müəllifi xalq rəssamı, Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əlidir.

Natiq Mürsəlov
Məsul şəxs