Muzeydə şagirdlərə Hüseyn Cavid yaradıcılığı ilə bağlı açıq dərs keçirilib

26.05.2016

    AMEA Hüseyn Cavidin Ev Muzeyində şagird və tələbələr üçün mütəmadi olaraq açıq dərslər təşkil edilir ki, bu gün Bakı şəhəri 43 saylı liseyin 8-ci sinif şagirdləri bu məqsədlə muzeyinin qonağı olublar. Əvvəlcə böyük şair Hüseyn Cavidin zəngin yaradıcılığı haqqında ətraflı məlumat alan şagirdlər muzeyin geniş ekspozisiyası ilə yaxından tanış olublar. Təhsillə elmin qarşılıqlı əlaqəsi çərçivəsində muzeydə şagirdlər üçün ədəbiyyat fənni üzrə təşkil edilən açıq dərs zamanı liseyin müəlliməsi Kəmalə İsayeva tərəfindən Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı şagirdlərə mühazirə oxunub. Mühazirədə filosof-şairin böyük fəlsəfi məna kəsb edən dram əsərləri təhlil olunub. Şagirdlərlə sual-cavab şəraitində keçirilən dərsdə məktəblilər fəal iştirak edərək, verilən sualara operativ cavab veriblər. Dərsin sonunda şagirdlərə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası haqqında da ətraflı məlumat çatdırılıb.
    Təhsil və elmin inteqrasiyasında fəal iştirak edən AMEA Hüseyn Cavidin Ev Muzeyində təşkil edilən bu cür tədbirlər şagirdlərin ədəbi dünyagörüşlərinin daha da zənginləşməsində, onların təhsil və tərbiyəsində, mənəvi-intellektual inkişafında mühüm əhəmiyyət kəsb edir.

Natiq Mürsəlov
Məsul şəxs