Muzeydə “Beynəlxalq Muzeylər Günü” münasibətilə tədbir keçirilmişdir

18.05.2016

    Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş 18 may Beynəlxalq Muzeylər Günü münasibəti ilə hər ilin bu günü dünya ölkələrində geniş qeyd edilir. Bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
    Dünyanın 150-dək ölkəsində, o cümlədən ölkəmizdə də xüsusi qeyd edilən Beynəlxalq Muzeylər Günü bu il “Muzeylər və mədəni landşaftlar” mövzusuna həsr olunub.
    Bu məqsədlə AMEA Hüseyn Cavidin Ev Muzeyində tədbir təşkil edilmiş və "Açıq qapı" günü elan edilmişdir. Tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı çıxış edərək muzey işçilərinin peşə bayramı kimi hər il böyük həvəslə qeyd olunan bu gün münasibətilə bütün əməkdaşları təbrik edərək onlara işlərində uğurlar arzu etmişdir. O, qeyd etmişdir ki, İCOM-un üzvü olan muzey təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir və xarici ölkə muzeylərinin təcrübəsini öyrənir. G.Babaxanlı bildirmişdir ki, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə bu bayramda keçirilən tədbirlərdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin də fəal şəkildə iştirakı ölkəmizdə yüksək səviyyədə inkişaf etmiş muzey mədəniyyətinin təbliğinə və burada aparılan elmi-tədqiqat işlərinin təbliğinə böyük töhfədir.
    Tədbirdən sonra muzeydə elan edilmiş “Açıq qapı” günü münasibətlə tamaşaçıların kütləvi ziyarəti başlamışdır. Gün ərzində muzeyi 400-ə qədər tamaşaçı ziyarət etmiş, onların əksəriyyəti məktəbli yeniyetmələr və tələbələr olmuşdur. Tamaşaçılara Hüseyn Cavidin həyatı və zəngin yaradıcılığı, eləcə də cavidlər ailəsinin irsi və muzeyin ekspozisiyasında sərgilənən zəngin eksponatlar haqqında ətraflı məlumat verilmişdir.

Natiq Mürsəlov
Məsul şəxs