Böyük şairimiz Hüseyn Cavidin irsi Astarada və Lənkəranda geniş təbliğ olunmuşdur

16.05.2016

    AMEA Hüseyn Cavidin Ev Muzeyinin bir qrup əməkdaşı, dahi dramaturq və filosof-şair Hüseyn Cavidin zəngin yaradıcılığının təbliği məqsədilə Astara və Lənkəran rayonlarına ezam olunmuşlar.
   Muzeyin əməkdaşları hər iki rayonda orta məktəblərdə və kolleclərdə şagirdlərlə keçirilən görüşlərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ulu öndərimiz Heydər Əliyevin ən çox sevdiyi dramaturq olan Hüseyn Cavidin zəngin yaradıcılığı ilə bağlı mühazirələr oxumuşlar. Böyük şairin ədəbi-bədii irsinin yeniyetmə və gənclərin mənəvi-estetik zövqlərinin formalaşmasına göstərdiyi müsbət təsir barədə də şagirdlərlə geniş fikir mübadiləsi aparılmışdır. Muzey tərəfindən nəşr olunmuş kitablar yeniyetmələrə hədiyyə olunmuşdur.
   Astara və Lənkəranda Heydər Əliyev Mərkəzlərində keçirilən görüşlərdə ümummilli lider Heydər Əliyevin cavidlər ailəsinə olan böyük hörmət və qayğısından söhbət açılmışdır. Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası və dramaturqun əsərlərindən ibarət kitablar Mərkəzlərə hədiyyə edilmişdir.
   Hər iki rayonda bir çox mədəniyyət müəssisələrində də olan muzey əməkdaşları AMEA Hüseyn Cavidin Ev Muzeyinin fəaliyyəti haqqında da ətraflı məlumatları rayon mədəniyyət işçilərinin diqqətinə çatdırmışlar.

Natiq Mürsəlov
Məsul şəxs