MUZEYİN DİREKTORU


Fil.ü.e.d. Gülbəniz Babaxanlı

   AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru, Gülbəniz İbrahim qızı Babaxanlı 1956-cı ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini filoloq ixtisası üzrə bitirmişdir. 1992-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
   1974-cü ildən əmək fəaliyyətinə başlamış, 2004-cü ilə qədər AMEA Nizami adına Ədəbiyyat Muzeyində müxtəlif vəzifələrdə o cümlədən “19-20-ci əsr Azərbaycan ədəbiyyatı şöbəsi”nin müdiri vəzifəsində çalışmışdır.
   2004-cü ildən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
   ICOM-un (Beynəlxalq Muzeylər Şurası) üzvüdür. Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilmişdir. HUMAY-XXII Akademiyası tərəfindən “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcilidliyinə görə “HUMAY” Milli Mukafatı ilə təltif edilmişdir.
   Gülbəniz Babaxanlı 2004-cü ildən Cavid irsinin təbliği, tədqiqi və nəşri sahəsində, eləcə də cavidşünaslığın inkişafı istiqamətində elmi fəaliyyət göstərir. Bu illər ərzində alimin elmi tədqiqat fəaliyyəti cavidşünaslığın başlıca predmeti kimi ədibin zəngin ədəbi-fəlsəfi və bədii-estetik irsinin obyektiv şəkildə, elmi əsaslarla düzgün qiymətləndirilməsinə yönəlmişdir.
   Bütün dövrlərdə tədqiqat predmeti olan Cavid yaradıcılığı, özündə əks etdirən ümumbəşəri fəlsəfi ideyalarla dünyanın böyük sənətkarlarının əsərləri ilə səsləşdiyindən onun yaradıcılığından yazmaq və əsərlərini təhlil etmək hər bir tədqiqatçıdan böyük məsuliyyət tələb edir. Bu baxımdan G. Babaxanlının bir cavidşünas-alim kimi elmi tədqiqat fəaliyyətində aşağıdakı mühüm problemlərin həlli diqqət mərkəzində durur:
   1. Hüseyn Cavidin və ümumilikdə cavidlər ailəsinin həyat və yaradıcılığının geniş oxucu kütləsinə çatdırılması;
   2. Cavidin müxtəlif dövrlərdə (sağlığında, sovet dönəmində və müstəqillik illərində) çap olunmuş əsərlərinin yenidən nəşri, elmi təhlili, romantik bir şair kimi ədibin dramaturgiyasının təhlilini verən elmi-nəzəri monoqrafiyaların və məqalələrin yazılması.
   Onun rəhbərliyi ilə AMEA Hüseyn Cavidin Ev Muzeyində son dövlərdə cavidşünaslığa böyük töhfə olan mühüm nailiyyətlər əldə edilmişdir. Belə ki, G.Babaxanlının ideya müəllifliyi ilə muzeyin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi “Cavidşünaslıq” çoxcildli toplusu hazırlanmışdır. Toplunun 2012-ci ildə nəşr edilən 10 cildində böyük şair Hüseyn Cavidin zəngin irsi haqqında müxtəlif illərdə (1912-1983) mətbuat səhifələrində dərc olunmuş məqalə və resenziyalarla yanaşı, həm də Cavidlə bağlı irili-xırdalı bütün məlumatlar öz əksini tapmışdır. Gülbəniz xanımın rəhbərliyi ilə toplunun növbəti cildləri üzərində də iş davam etdirilir və bu istiqamətdə geniş araşdırmalar həyata keçirilir. Özündə əks etdirdiyi zəngin elmi informasiya baxımdan çoxcildli nəşr cavidşünaslığın inkişafında tədqiqatçılar üçün dəyərli bir mənbədir.
   Cavidşünas alimin uzun illər apardığı elmi tədqiqat işinin nəticəsi olaraq təhlili-təsviri ədəbiyyatşünaslıq üslubunda yazdığı “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyası da mühüm elmi aktuallıq kəsb edir. 2010-cu ildə nəşr edilmiş kitabda müəllif qeyd edir ki, XX əsrin 20-30-cu illərində Cavid yaradıcılığı ilə bağlı çoxlu sayda məqalələr, resensiyalar, elmi yazılar çap olunsa da, cavidşünaslığın bir elm kimi formalaşması 60-cı illərə təsadüf edir.
   Cavidşünaslığın keçən əsrin 60-90-cı illər mərhələsini G.Babaxanlı onun bir elm kimi yaranması, formalaşması və inkişafı kimi səciyyələndirir.
   Müstəqillik illərindən başlayaraq cavidşünaslıqda yeni bir mərhələ başlayır ki, burada Cavid yaradıcığı ilə bağlı çox az işlənən mövzular aktuallıq kəsb edir: Cavid və sufizm, Cavid və türkçülük, sənətkarın estetik idealı, Cavid irsi və müasir ədəbiyyatımız, Cavid və gerçək dünya və s. göstərilən mövzuların elmi təhlili Gülbəniz Babxanlının elmi-nəzəri irsində mühüm yer tutur.
   2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə fil.ü.e.d. Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası çap olunmuşdur. Tədqiqat əsərində Ulu öndərin mədəniyyət siyasəti kontekstində iki dahinin münasibətləri araşdırma obyektinə çevrilmişdir.
   Kitab özünəməxsus üslubu ilə Azərbaycan tarixində əvəzsiz rol oynamış, hətta ölkə tarixinin axarını müəyyənləşdirmiş iki böyük şəxsiyyətin - Heydər Əliyevin və Hüseyn Cavidin fəaliyyətlərindəki qarşılıqlı münasibətləri geniş oxucu kütləsinə çatdırır.
   Ədəbiyyatşünas alimin fundamental elmi tədqiqat fəaliyyətinin təhlili bir daha onu təsdiqləyir ki, dahi Cavidin sənəti Azərbaycan xalqının milli-mənəvi və bədii-fəlsəfi irsi kimi daim tənqid və ədəbiyyatşünaslığın diqqət mərkəzindədir.
   Məhz bütün bunalara görədir ki, bir alim kimi Gülbəniz Babaxanlının cavidşünaslıq sahəsində elmi və ictimai fəaliyyəti Azərbaycan ziyalısı nümunəsində daim yüksək qiymətləndirilir. Son olaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları 03 noyabr 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə Gülbəniz Babaxanlının layiq görüldüyü “Əməkdar mədəniyyət işçisi” fəxri adını eyni zamanda, Hüseyn Cavid irsinin təbliği və tədqiqinə böyük qayğı kimi qiymətləndirmək olar.

Səhifəni çap et